weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

23 İyul Ağdamın işğal edildiyi gün idi…

Ramin Bəhmən tərəfindən

23 iyul 2023 23:18 tarixində paylaşıldı.

Agdam_1

Biz qaçqın-köçkün böyümüşük, biz gözümüzü açanda Ağdam görməmişik, biz doğulanda Ağdam işğal olunmuş, biz də çadırlarda, Bərdənin şoran torpaqlarında, kanal qıraqlarında yaşayırdıq.. – Ramin Bəhmən yazır

Bizim üçün Ağdam nənəmizin, babamızın dilindəki qayğısız günlərin xatirələri, atamızın, əmimizin uşaqlıq, cavanlıq yerləri idi..

Soruşanda haralısan Ağdamlıyam desək də Ağdam görməyən, Ağdamın hansı səmtdə yerləşdiyini bilməyən uşaqlar idik.

Bizim üçün Ağdam nənəmiz babamız idi. Bizim üçün Ağdam şəhidlərimiz, qazilərimiz idi. Yaşımız artdıqca, ağlımız kəsdikcə Ağdamın nə olduğunu bildik, başa düşdük. Tale elə gətirdi ki, dövlət bizi qarğı damlardan çıxardı, bizə yeni qaçqın şəhərciyində ev verdi və biz düşərgələrə köçəndə də hara gəldiyimizi bilmirdik. Yaşımız artıqca başa düşdük ki, bura Ağdamdı, bura Ağdamın yanında, Ağdamın havası gələn yerdi. Böyüdükcə başa düşdük ki, biz Ağdamın bir addımlığındayıq.

Gün keçdi, ay keçdi, il keçdi amma biz Ağdama tərəf keçə bilmədik. Ağdamı Ağdama keçən kəşfiyyatçılardan, Ağdamda döyüşən komandirlərdən öyrəndik.

Mən uşaq idim, orta məktəbdə oxuyurdum, qonşumuz Elgün hərbi jurnalist kimi tez-tez cəbhədə olurdu. Harda Elgün söhbət edir görən kimi qaçırdıq görək nə deyir, nə danışır, ora necə görsənir, orda nə var ?

Məni nənəm böyüdüb. Qaldığımız qəsəbənin yaxınlığında boş sahə və bildiyim qədəri ilə hansısa zavod var idi. Dağıdılmış zavodun qalıqlarında giliz izləri, boş patronlar, ağarmış, cırılmış hərbi paltarlar tapırdıq.

Keçmiş döyüş mövqeləri və cəbhə xətti boyu ərazilər olduğu üçün hər yerdə mina və partlamamış silah, sürsat xəbərdarlığı olan yazılar görə-görə nəyin nə olduğunu, bizim kim olduğumuzu, Ağdamın hara olduğunu öyrənərək böyüdük.

Biz onda başa düşdük ki, Ağdam elə Allahverdidi, Fred Asifdi, Şirin Mirzəyevdi, Canpolatdı. Onda başa düşdük ki, Ağdam elə Səxavətdi, Qədirdi, Mənsumdu. Onda başa düşdüm ki, Ağdam ora gedən Xanı əmidi, Raquf Orucovdu. Özlüyümdə qərar verdim, Ağdam Ağdamı yazılarında yaşadan Aqil Abbasdı, Əntiqə Rəşiddi, Rey Kərimoğlu, Elgün Gəncimsoydu. Ağdam quru torpaq parçası deyil, Ağdam sadəcə yaşayış məntəqəsi deyil, Ağdam onun uğrunda qan tökənlərdi, onu səsi ilə, yazısı ilə, peşəsi ilə yaşadanlardı.

2020-ci ilə qədər mən Ağdamı onu yaşadanlarla yaşadım havasın onlardan aldım.

Müharibə başlayan gündən bitənə qədər Tural Cavadovun yanında nələrsə eləməyə çalışdıq, alındı ya alınmadı bilmirəm, fiziki məhdudiyyətlər üzündən aparılmadığım döyüşün acığını Xoruzluya, Dördyola, Zəngişalıya getməklə çıxırdım. O bir söz vare “Allah təpənə daş salsın” deyirdim. Allah başıma bir mərmi salmır ölüm yerə girim, bu nə deməkdir döyüşə bilmərsən?! Soyadlarını deməyəcəyim Əfrail, Aygün, Ülkər, Samirə, Elşən kimi oğul və qızlarımızın sayəsində o çətin sindromdan çıxdım. Qurulan İT komandasında təşkilatçılıq eləməklə özümə və düşmənə olan hirsimi soyudurdum. Qarabağ Platforması mənim üçün sığınacaq yeri idi. Gah Platformada gah da Şəbnəm Səfərovanın KİA-da nələrəsə qaçırdım, kömək eləməyə çalışırdım, özümdə olan o utanc hissini öldürməyə çalışırdım.

Ağdam qayıtdı, bizdə Ağdama gedə bildik amma bu qayıdışda hamı rol oynadı, heç kim boyun qaçırmadı. Cəbhə-cəbhə gəzən Əntiqə, Elgün, Aqil Abbas, Şükürov Elməddin qəsəbədə dolaşdığımız uşaqlar, qorxaq dediyimiz oğlanlar, ürəksiz dediyimiz əmilər, dayılar hamı öz üzərinə düşəni elədi. 30 ildir qılçasını Ağdamda qoyan Elşən dayıya qədər hər kəs öz üzərinə düşəni elədi. Hamı 27 illik Ağdam həsrətinə yaraşan qədər Ağdam üçün, Qarabağ üçün nələrsə elədi, Ağdamı görməyən oğlanlar Ağdam üçün çarpışdı.

Hər dəfə deyirəm ki, Şükür. Ağdamlı kimi Şükür ki, qəsəbə uşağı adından, qaçqın, köçkün ləkəsindən qurtulduq.

İndi isə hamıya, hər kəsə bütün Ağdam üçün əziyyət çəkən, Ağdamın qayıdışı üçün bütün varlığı ilə vuruşan hər kəsə, bütün əziyyət çəkənlərə təşəkkür edirəm!

Ramin Bəhmən

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda